Dekabrın 4-də xocalıların kompakt şəkildə müvəqqəti məskunlaşdıqları Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində Prezident Cənab İlham Əliyevin əhalinin problemlərinin yerində öyrənilməsi, həll edilməsi, vətəndaş-məmur münasibətlərində şəffaflığın təmin edilməsi barədə tapşırıqlarına uyğun olaraq, Azərbaycan Respublikası Prezident Administrasiyasının məsul işçisi cənab Ağa-Əli Əhmədov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini cənab Fuad Hüseynov və Xocalı rayon İcra Hakimiyyətinin başçısı cənab Şahmar Usubov tərəfindən vətəndaşların növbəti qəbulu keçirildi.
Xocalı rayon İcra Hakimiyyətinin akt zalında keçirilən qəbulda fərdi qaydada ümumilikdə 54 nəfərin müraciəti dinlənildi.
Müraciətlərdə evlə təmin olunma, işlə təminat, vahid aylıq müavinətin bərpası, qəzalı evlərin bərpasına köməklik göstərilməsi və digər şəxsi məsələlərlə yanaşı, Aşağı Ağcakənd qəsəbəsində yaşadığı ünvanın küçəsində zibil qutularının qoyulması, Börü qəsəbəsində internet xətmətinin təşkili, Gəncə şəhəri ərazisində salınmış 600 ailəlik qəsəbəyə əlavə içməli su xəttinin çəkilməsi, kanalizasiya şəbəkəsinin qurulması və digər ümumi məsələlər də oldu.
Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar sakinlərə qaydalarla bağlı izahat verildi. Bir sıra müraciətlər yerindəcə həllini tapdı. Araşdırılması tələb edilən məsələlər isə aidiyyəti qurumlara göndərilməsi üçün nəzarətə götürüldü.
Vətəndaşlar hər zaman onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə minnətdarlıqlarını bildirdilər.